Himate-də ilk 10 dəqiqə: hesabını necə qurmalı
Müəllif: Eshgeen Jafarov · Yenilənib: 11 okt 2026 · 3 dəq oxu
Qısa cavab
Himate-də ilk 10 dəqiqədə dörd iş gör: email və parolla hesab yarat, profilində sahəni və kursunu seç, CV-ni yükləyib pulsuz yoxlat, sonra Seçimlər bölməsində sənə maraqlı sahələri və vəzifələri qeyd et. Bundan sonra hər elanın yanında uyğunluq faizini və səbəbini görəcəksən.
Mündəricat
Himate tələbə və məzunlar üçün qurulub: təcrübə və ilk iş elanları, CV yoxlaması və karyera tədbirləri bir yerdədir. Amma hər alət kimi, ondan fayda almaq üçün ilk dəqiqələrdə bir neçə şeyi düzgün qurmaq lazımdır. Bu bələdçi həmin addımları ardıcıllıqla göstərir.
1. Hesab yarat (30 saniyə)
Qoşul səhifəsində email ünvanını və ən azı 8 simvollu parol yaz. Hesab dərhal açılır, təsdiq emaili gözləməli deyilsən.
Sonra bir ekranlıq profil gəlir: ad, universitet, kurs və sahə. Bunları dəqiq seç, çünki sənə göstərilən elanlar ilk növbədə bu məlumatlara görə seçilir. Məsələn, maliyyə üzrə 4-cü kurs tələbəsisənsə, maliyyə sahəsindəki təcrübə proqramları siyahının yuxarısına çıxacaq.
2. CV-ni yüklə və pulsuz yoxlat
Ən çox fayda verən addım budur. CV yoxlaması bölməsində PDF və ya DOCX faylını yüklə (4 MB-a qədər). Təxminən bir dəqiqəyə bunları alırsan:
- 100 ballıq ümumi qiymət və üç ayrıca göstərici: struktur, nəticələr və ATS uyğunluğu;
- hər səhvin yanında niyə vacib olduğu və necə düzəltmək lazım olduğu;
- yenidən yazılmış cümlə nümunələri;
- təkmilləşdirilmiş CV versiyası.
Təkmilləşdirilmiş versiyanı CV qurucusunda redaktə edib PDF kimi saxlaya bilərsən. Gündə 3 yoxlama pulsuzdur. Bu limit sui-istifadənin qarşısını almaq üçündür.
CV-ni sıfırdan yazırsansa, əvvəlcə CV necə hazırlanır bələdçisinə bax. Təcrübən azdırsa, təcrübəsi olmayan tələbə CV-ni necə yazsın yazısı kömək edəcək.
3. Seçimlərini qeyd et
Profil → Seçimlər bölməsində nə axtardığını dəqiqləşdir:
- Nə axtarırsan: təcrübə proqramı, məzun proqramı və ya iş;
- Şirkətin sahəsi: bank, IT, audit, telekom və s.;
- Vəzifələr: siyahıdan seç və ya özün yaz (məsələn, "kredit mütəxəssisi");
- Format və yer: ofis, hibrid, uzaqdan; Bakı və ya regionlar.
Boş buraxdığın sual uyğunluq faizinə təsir etmir. Doldurduqca isə faiz daha dəqiq olur və sənə daha uyğun elanlar yuxarıya çıxır.
4. Elanlara bax və qərar ver
Vakansiyalar səhifəsində hər elanın yanında uyğunluq faizi və onun səbəbi yazılır: sahən, kursun, seçimlərin. Kompüterdə sol tərəfdə siyahı, sağ tərəfdə elanın tam məlumatı görünür. Telefonda isə kartları sürüşdürərək tez baxa bilərsən: sağa – yadda saxla, sola – keç.
Bəyəndiyin elanı yadda saxla. Müraciət həmişə işəgötürənin rəsmi səhifəsində olur. Müraciət edəndən sonra Himate-də statusu qeyd et: "Müraciət etdim" → "Müsahibəyə dəvət aldım" → nəticə. Beləliklə bütün müraciətlərin Müraciətlərim bölməsində bir yerdə olur və heç birini unutmazsan.
Müsahibəyə dəvət gələndə müsahibə bələdçisi və ən çox verilən 25 sual ilə hazırlaş.
5. Elanın tələblərinə CV-ni uyğunlaşdır
Konkret bir elana müraciət etməzdən əvvəl vakansiyaya uyğunluq alətindən istifadə et: elanın mətnini yapışdır, CV-n onunla müqayisə olunsun. Nəticədə uyğunluq faizini, çatışmayan bacarıqları, CV-yə əlavə etməli olduğun açar sözləri və həmin vakansiya üçün yazılmış qısa xülasəni görəcəksən. Bu yoxlama gündə 10 dəfə pulsuzdur. İş axtarışının bütün mərhələlərini görmək istəyirsənsə, işə necə düzəlmək bələdçisini oxu.
6. Tədbirləri planlaşdır
Tədbirlər səhifəsində karyera tədbirlərini günə, növə və yerə görə süzə bilərsən. Maraqlı gələn tədbirdə "Maraqlıdır", qeydiyyatdan keçmisənsə "Gedirəm" seç. Vaxtı yaxınlaşanda ana səhifədə xatırladırıq. "Təqvimə əlavə et" düyməsi ilə tədbiri telefonunun təqviminə də əlavə edə bilərsən.
Məlumatların haqqında qısa qeyd
Məlumatların Avropa İttifaqında (Frankfurt) saxlanılır. CV-n təhlil üçün AI modelinə göndərilir. Ətraflı məlumat Məxfilik siyasəti səhifəsindədir. Hesabını istədiyin vaxt Profil səhifəsindən silə bilərsən.
Tez-tez verilən suallar
Himate pulsuzdur?
Bəli. Elanlar, CV yoxlaması, CV qurucusu, PDF yükləmə və vakansiyaya uyğunluq yoxlaması pulsuzdur. Gündəlik limitlər (3 CV yoxlaması, 10 uyğunluq yoxlaması) yalnız sui-istifadənin qarşısını almaq üçündür.
Müraciəti Himate-də edirəm?
Xeyr. Himate elanı və uyğunluğu göstərir, müraciət isə həmişə işəgötürənin rəsmi səhifəsində olur. Müraciət edəndən sonra statusu Himate-də qeyd edə bilərsən ki, hamısı bir yerdə izlənsin.
Hansı CV formatları qəbul olunur?
PDF və ya DOCX, 4 MB-a qədər. Fayl oxunmursa, eyni CV-ni DOCX formatında yükləməyə çalış.
Növbəti addım
Oxuduğunu tətbiq et: sənə uyğun təcrübə və iş elanlarına bax, CV-ni pulsuz yoxla.
Müəllif
Eshgeen JafarovPeople Analytics Manager
İşə qəbulu daxildən görür və tələbələrə karyera mövzusunda dərs deyir. Himate-in qurucusu. Yazılar şəxsi fikirlərini əks etdirir.